Azərbaycan Milli Elmlər Akademiyasında Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsi yaradılıb

Tokio, 4 Noyabr, /AJMEDIA/

 Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinin son dərəcə zəngin əlyazma nümunələri dünya ölkələrinin kitabxana və muzey fondlarının ən qiymətli incilərindəndir. Bu zəngin mirasın xalqımızın mənəvi sərvəti olduğunu nəzərə alaraq Azərbaycanda bir mərkəzdə toplamaq və sistemli şəkildə araşdırmaq nizamişünaslıq elminin qarşısında duran ən mühüm vəzifələrdəndir. Belə ki, yalnız ən qədim və mükəmməl nüsxələri tədqiqata cəlb etməklə Nizaminin əsərlərinin orijinala ən yaxın variantını, elmi-tənqidi mətnini ortaya qoymaq olar.

 Qeyd etməliyik ki, Nizami Gəncəvi əlyazmaları digər orta əsr əlyazma nümunələri kimi təkcə mətnşünaslıq və mənbəşünaslıq baxımından deyil, eyni zamanda ədəbiyyatşünaslıq, sənətşünaslıq və kitabşünaslıq baxımından da əhəmiyyətli tədqiqat obyektidir. XIV-XIX əsrlərə aid Nizami əlyazmalarındakı miniatür nümunələrinin, səhifələrindəki müxtəlif nəbati elementlərlə süslənmiş naxışların, istifadə olunmuş xətt növlərinin və nüsxə fərqlərinin ətraflı tədqiqi isə əlyazmaşünaslığın xüsusi bir sahəsidir.

 Eyni zamanda əlyazmaşünaslıq baxımından qarşıda duran ən mühüm vəzifələrdən biri də Nizami avtoqraflarının axtarılması, tapılması və tekstoloji tədqiqata cəlb edilməsidir.

 Bütün bunları nəzərə alaraq, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan Nizami əlyazmalarının və eyni zamanda xarici ölkələrin kitabxana, muzey saxlanclarından, şəxsi kolleksiyalardan əldə olunan nüsxələri də tədqiqata cəlb etmək üçün AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının vəsatəti əsasında Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsi yaradılıb.

 AMEA Rəyasət Heyətinin qərarı ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli ictimai əsaslarla Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinə rəhbərlik edəcək.  

 Yeni yaradılmış Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

– xarici ölkələrin kitabxana və muzey fondlarında mühafizə olunan Nizami əlyazmalarının aşkarlanması, surətlərinin əldə olunaraq ölkəyə gətirilməsi;

– Nizami əsərlərinin əlyazmalarının geniş təsviri və növbəti mərhələdə əlyazma nüsxələrinin mühafizə olunduğu ölkələr üzrə əsər adlarına uyğun vahid kataloqunun hazırlanması;

– institutda mövcud olan və xaricdən gətirilmiş Nizami əlyazmalarının tədqiqata cəlb olunması, növbəti mərhələdə mövcud materiallar əsasında Nizami “Xəmsə”sinin yeni elmi-tənqidi mətninin hazırlanması;

– Nizami əsərlərinin əlyazma nüsxələrindəki miniatür nümunələrinin sənətşünaslıq baxımından tədqiqi;

– Nizami “Xəmsə”sinin yeni tənqidi mətni əsasında yeni filoloji tərcüməsinin (Azərbaycan, ingilis və rus dillərinə) hazırlanması;

– Nizami əlyazmalarının bədii tərtibat xüsusiyyətləri qorunmaqla orijinalına uyğun elmi bərpası.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda yaradılmış Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsi “Nizami Gəncəvi İli”nin əhəmiyyətli elmi hadisəsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts