Site icon AJMEDIA Azərbaycanca

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü

Tokio, 26 iyun , /AJMEDIA/

Azərbaycanın bu gün malik olduğu Silahlı Qüvvələr çox çətin, mürəkkəb şəraitdə formalaşıb. Azərbaycanın təhlükəsizliyinin qarantı olan nizami ordunun yaradılması və formalaşması prosesi, döyüş qabiliyyətinin artırılması, bugünkü səviyyəyə çatdırılması, böyük siyasi iradə və gərgin zəhmət hesabına başa gəlib. Dövlətimiz, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordunu hərtərəfli möhkəmlətməyə, onu müasir döyüş texnikası ilə təchiz etməyə, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksək səviyyəyə çatdırılmasına daim qayğı göstərib. Müstəqil Azərbaycanımızda dövlət quruculuğu inkişaf etdikcə ordumuz da möhkəmlənir.

Təbii ki, Azərbaycanın iqtisadi imkanları artdıqca orduya daha çox vəsait ayrılmasına şərait yaranır. Son beş ildə dövlət büdcəsindən orduya ayrılan vəsait bunun bariz nümunəsidir. Müdafiə xərcləri Azərbaycan dövlətinin müstəqillik qarantı olması ilə yanaşı, regionda daimi sülhün bərqərar olması üçün də zəruri bir addım olub. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi, ordumuzun ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib.

Xüsusi ilə də müstəqil Azərbaycanın ordu quruculuğunda ordu-xalq birliyi yüksək səviyyədə qurulub. Bu sarsılmaz birlik, Azərbaycan Ordusunun xalqdan böyük dəstək aldığı 44 günlük Vətən müharibəsi zamanı bir daha özünü göstərdi. Yağı düşmənə qarşı xalq Ali Baş Komandanının ətrafında sıx birləşdi, ordusuna güvəndi və böyük zəfəri bayram etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Zəfər təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu.

Qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi Qarabağ zəfəri ilə Cənubi Qafqazda yaranan yeni geopolitik mənzərəsinin təhlili iki qardaş və dost dövlətin hərbi əməkdaşlığının rolunu və əhəmiyyətini bir daha nümayiş etdirdi.

Ən əsası Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələrə malik oldu, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, illərlə düşmən tapdığı altında qalan torpaqlarımız azadlığa qovuşdu.

Vüqar Ağayev

Exit mobile version